“Regionaz.tv” xəbər verir ki, müstəqilliyimizin bərpasından sonra İranla münasibətlərin ölkəmiz tərəfindən lazımi səviyyədə qurulmasına çalışılıb, mədəni, dini, iqtisadi və digər sahələrdə əməkdaşlığa xüsusi diqqət yetirilib. Azərbaycan mediası da uzun illər İranın ölkəmizə qarşı bir çox təxribatlarına rəğmən iki ölkə münasibətləri ilə bağlı xəbərlərə çox etina ilə yanaşıb. Mediamızın, ümumilikdə Azərbaycan ictimaiyyətinin İranın illər boyu ölkəmizə qarşı müxtəlif təxribatlarına rəğmən belə davranmasının əsas səbəblərdən biri iki xalq arasındakı müştərək tarixdir. Bu müştərək tarix adətlərimizdə, ənənələrimizdə, dəyərlərimizdə, mədəniyyətimizdə mövcuddur. Başqa bir amil isə iki xalqın eyni dinə sahib olması olub. İran mətbuatından fərqli olaraq Azərbaycan mətbuatında plüralizmin hakim olması da bu məsələdə əsas faktorlardan biri olub.

Bunu AZƏRTAC-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov söyləyib.

Onun sözlərinə görə, son 30 ildə hər iki ölkənin mediasında bir-biri haqqındakı yazılara, xəbərlərə, məlumatlara və s. baxsaq görərik ki, İran mətbuatı ilə müqayisədə Azərbaycan mətbuatı düşmənçilik və ədavət ritorikasından uzaq durmağa çalışıb. Hətta İranın erməni işğalı altındakı torpaqlarımızda əleyhimizə fəaliyyətlərinə, oradakı tarixi-mədəni irsimizi özününküləşdirmə cəhdlərinə, İran xüsusi xidmət orqanları tərəfindən yaradılan Səhər kanalının gecə-gündüz Azərbaycana qarşı təbliğatına baxmayaraq mediamız məsələlərə reaksiya verərkən daim səbir və təmkin nümayiş etdirib.

“Lakin Vətən müharibəsi dövründə və erməni işğalçıları üzərində Zəfərin təmin olunmasından sonra İran tərəfinin nə qədər aqressivləşdiyi hər kəsə məlumdur. Ölkəmizə qarşı açıq düşmənçilik edən molla rejimi media vasitəsilə bu ədavətini aşkar nümayiş etdirir və təhqir üslubunda danışır. Bütün bunlar qarşısında Azərbaycan mediasının da cavab haqqı var və bu cavab layiqincə verilir. Bu cavab isə sadəcə on milyonluq Azərbaycan xalqının deyil, həmçinin dünyada yaşayan əlli milyondan çox soydaşımızın fikirlərini özündə əks etdirir”, – deyə M.İsmayılov qeyd edib.

102 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir