Rusiya birinci dəfə deyil ki, Azərbaycanda gizli bioloji silah laboratoriyaları olduğunu dilə gətirir, bu iddia SSRİ dağıldıqdan sonra Moskvanın postsovet ölkələrinə və Qərbə qarşı mövqeyini “arqumentləşdirən” tezisə çevrilib.

Bu iddialar dərin siyasətdə təzyiq yaradılması, hibrid müharibə elan edilməsi və bunun gələcəkdə hərbi müdaxilə imkanlarına çıxış əldə edilməsinə əsaslar yaratmağa hesablanıb.

Amma həmin propaqanda dəlil təqdim etmək bacarığından uzaqdır, çünki ortada elə bir sübut yoxdur, deyilənlər sadəcə konspiroloji fərziyyələrə söykənir.

Qarabağ münaqişəsi zamanı ermənilər də xəyal məhsulu olan həmin fikirlərdən yararlanaraq özlərinə beynəlxalq dəstək mexanizmləri formalaşdırmağa cəhdlər ediblər, amma heç bir halda həmin iddialar təsdiqini tapmayıb.

Rusiya Ukraynaya təcavüz etdikdən sonra da köhnə ideoloji baxışını yenidən qüvvəyə mindirib və Azərbaycanda ABŞ-ın gizli bioloji silah laboratoriyaları “axtarmağa” girişib.

Azərbaycan dövləti isə bu iddialara kifayət qədər strateji təmkin nümayiş etdirərək soyuqqanlı yanaşdı, ta o zamana qədər ki, bu fikirlər öz sərhədlərini aşaraq Azərbaycanın təhlükəsizlik qapılarının qıfıllarına açar salmaq həddinə çatdı.

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının (RCBZ) rəhbəri İqor Kirillovun Ukraynadakı müharibədən vəcdə gələrək Azərbaycanı da “nişangah”a gətirmək üçün seçdiyi saxta arqument Bakının strateji səbrini daşırdı və Azərbaycan nəhayət mayın 7-də buna cavab verdi.

Özü də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) səviyyəsində.

DTX-nin bəyanatındakı xətlər:

1. Rusiya təmsilçiləri tərəfindən verilən bəyanatlar Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanır.

Deməli, Rusiyadakı bəzi qüvvələr Azərbaycan cəmiyyətində kəskin fikir ayrılığının yaranmasında və bunun ictimai düşüncədə ziddiyyətli toqquşmalarla müşayiət edilməsində maraqlıdır.

2. Azərbaycanda ölkə əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər-hansı tədqiqatlar aparılmayıb.

Bu xətt ali kəşfiyyat orqanı səviyyəsində verilən açıqlamanın gücünü ortaya qoyur və Rusiyanın tezislərinin üzərindən xətt çəkir.

3. Azərbaycan fakt təqdim edildiyi halda iddianın əsaslandırılması üçün araşdırmalara açıqdır.

İndi Rusiya öz dediklərini əsaslandırmalıdır, əgər belə bir əsas tapsa, buyursun Azərbaycana və birgə araşdırmalar aparılsın.

Təbii ki, Rusiya maddi dəlil təqdim etməyəcək və özünü təmizə çıxarmaq üçün bəzi dairələr həyasız şəkildə malalamaq üslubuna girişəcəklər.

490 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir