Naxçıvan təhsil işçilərinin bütün iradlarına baxmayaraq, bu gün MR Təhsil Nazirliyi orta məktəblərdə qeyri-qanuni və məcburi sınaq imtahanları keçirəcək.

“Regionaz.tv” xəbər verir ki, Naxçıvan müəllimlərindən biri mətbuata bu barədə yazıb : “Salam Heydər bəy , yazdıqlarımıza təhsil nazirliyi məhəl qoymadı, elanda verildiyi kimi 27 si sınağı edəcəklər. Bəs təhsil nazirliyi açıqlama verdi biz heç bir kurs ilə əməkdaşlıq etmirik, məktəbdə heç bir kursun sınağı ola bilməz? Bəs onda nəyə görə bu gün sınağı edir məktəblərdə?”.
Cavabım: Naxçıvan MR Təhsil Nazirliyinin mənim yazılarıma məhəl qoymamasında qeyri-adi heç nə yoxdur. Mən Azərbaycan Elm və Təhsil naziri deyiləm ki, “canişinliyin” müvafiq qurumu sözlərimə məhəl qoya. Ordubadlılar demişkən, bu “dedığım dedığdır” inadkarlığı mənə qarşı yox, Azərbaycan Elm və Təhsil Nazirliyinə hörmətsizlikdir. Səmimi deyirəm, mən əgər Azərbaycan Elm və Təhsil naziri Emin Əmrullayevin yerində otursaydım, Naxçıvandakı həmin qurum orta məktəblərdə hansısa özəl hazırlıq kursunun sınaq imtahanlarını keçirə bilməzdi. Əks halda ya məni saymamaqla “xan”dan qalan separatizmini davam etdirən Naxçıvan MR Təhsil Nazirliyi bütün heyəti ilə istefaya gedərdi, ya da mən üzüsulu istefa ərizəmi yazıb ölkə başçısına təqdim edərdim. Mən nə edə bilərəm ki, Emin Əmrullayev bəy əfəndidə ya o dövlətçilik şüuru hələ də formalaşmayıb, ya da idarə etdiyi nazirliyə bağlı qurumun özfəaliyyətinə mənim anlamadığım səbəbdən göz yummağa üstünlük verir.
Bunlar öz yerində. O ki qaldı Naxçıvan “canişinliyi”nin “hansısa jurnalistin haqlı iradlarına məhəl qoysam, xəncərimin qaşı düşər” təkəbbürünə, o da qəm deyil, vaxtilə “xan” həzrətləri də bu cür böyük iddialara düşmüşdü, amma sonunda “haqq nazilər, amma üzülməz” reallığı ilə razılaşmalı oldu. Hər halda “canişin” əfəndi “xan” həzrətlərindən daha böyük fiqur deyil, bir gün haqlı sözə qulaq tıxamağın ağır nəticələri ilə o da qarşılaşacaq. Gecmi-tezmi, bunu zaman göstərəcək. Amma inanmıram ki, o, “xan” həzrətlərindən daha “möhkəmqabıqlı” çıxsın.

Heydər Oğuz, ovqat.com-un baş redaktoru

94 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir