“Regionaz.tv” xəbər verir ki, Hüquqşünas Samir Zeynalov Ağciyər Xəstəlikləri İnstitutu və İnstitutun idarə heyəti ilə bağlı şok ittihamlar irəli sürüb.

Onun sözlərinə görə, müəssisə icbari tibbi sığorta sisteminin tətbiqi dairəsində fəaliyyət göstərmək mükəlləfiyyətində olsa da, vətəndaşlara hələ də tibbi xidmətlər əvvəlcədən müəyyən edilmiş pul ödənişləri vasitəsilə həyata keçirilir:

“Burada xəstələrə və onların yaxınlarına dövlət hesabına olan hər şey pulla satılır. Qiymətlər isə 2 manatdan -100 manatadək dəyişir. Ən dəhşət doğuran reallıq isə odur ki, hospitalizasiyası məcburi olan xəstələr müalicə üçün ödəniş etmədiyi hallarda evə yazılır. Hansı ki həmin xəstələr vərəm infeksiyasını yayma riskini daşıyırlar”.

O qeyd edib ki, xəstəxanada vərəmin müalicəsində istifadə edilən dərmanlar pulsuz verilməli olduğu halda, pulla satılır və eyni zamanda belə dərmanların bəlli aptektlərdə məqsədli şəkildə satışı da həyata keçirilir:

“Məlum edim ki, qeyd olunan hallar ehtimal yox, məhz xəstələrin öz dillərindən publik qaydada səslənən qərəzsiz faktlardır. Bütün bunlar isə milli təhlükəsizlik predimeti olmaqla “Vərəmlə mübarizə haqqında Azərbaycan Respublikasının Qanunvericilik Aktlarının” tələblərinə ziddir. Məsələ burasındadır ki, qeyd olunan faktlar illərdir, yəni əsrin əvvəlindən mövcuddur”.

Hüquqşünas həmçinin bildirib ki, 3 ildir institutun “Uşaq Vərəmi Şöbəsi” bağlanıb və bunun üçün alternativ düşünülməyib:

“Həmin şöbənin təcrübəli həkimi, tibb elmləri namizədi Səbinə Məmmədova isə məhkəmənin yekun qərarı ilə işinə bərpa edilməsinə baxmayaraq, sonradan işdən çıxmağa məcbur edilib. Qeyd olunan neqativ hallar, müəsissədə yatan xəstələr arasında ölüm hallarının artması, bütün bunların fonunda isə həm qlobal fond tərəfindən, həm də dövlət büdcəsi hesabına ayrılan pulların sürətli mənimsənilməsi, təyinat üzrə zəruri xərclərin aparılmaması, o cümlədən son 5 il ərzində dövlət satınalmalarının təşkil edilməməsi belə düşünməyə əsaslar yaradır”.

Onun sözlərinə görə, institutun sabiq direktoru Həqiqət Qədirova 4 il ərzində ən azı iki həkimi intihar həddinə çatdırmaqla, kütləvi işdən çıxarma prosesi həyata keçirib, işçiləri üz-üzə qoyub və nəhayətində Xocalı faciəsinin 30-cu ildönümü ərəfəsində terapevt olmaya-olmaya Rusiyadan təşəkkürnamə alıb. O qeyd edib ki, bu barədə rəsmi məlumatlar mövcuddur:

“Necə ki, İ.Axundova təşkil olunan iclasların birində belə demişdir: -“Həqiqət xanım Qədirova getsə də, onun qoyduğu qaydalar dəyişməyib. Sabiq direktorun himayəsində fəaliyyət göstərmiş institutun qəbul şöbəsinin müdiri Nailə Mahmudova və Nuriyyə Səlimova adlı şəxslər də göstərilən neqativ halların qüvvədə qalması və inkişafında fəal iştirak edirlər. TƏBİB və İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin göstərilən halların araşdırılması ilə bağlı səlahiyyətli olduğunu, lakin bilərəkdən və təcrübəsizlikdən hərəkətsiz davrandığını nəzərə alaraq, milli təhlükəsizliyimiz naminə prokurorluq orqanlarının dərhal hərəkətə keçməsini məqsədəuyğun sayıram. O məqsədlə ki, Azərbaycan Respublikasının hər bir vətəndaşının dövlət büdcəsi hesabına keyfiyyətli tibbi yardım almaq hüququ vardır və qalib millətin səhiyyəsi rüşvətdən və qanunsuzluqlardan bu hüququn təminatı altında xilas olmalıdır…!”

İddialarla bağlı Ağciyər Xəstəkiləri İnstitutu ilə əlaqə saxladıq.

Saytımıza bildirildi ki, irəli sürülən iddialar əsassızdır:

“Həmin şəxs bizim institutla bağlı təsdiqini tapmayan məlumatlar ictimailəşdirib. Şəxsi qərəzli, təxribat xarakterli məlumatlarla insanların başını qarışdırır. Burada qərəz var. İddialar əsassızdır”.
Sfera.az

40 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir