Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi ilin sonuna qədər imzalana bilər:

“Biz əsasən Ermənistan və Azərbaycana dair, həmçinin Dağlıq Qarabağ problemi ilə bağlı bir çox məsələləri müzakirə etdik. Dağlıq Qarabağla bağlı əsas müzakirə o oldu ki, biz orada yaşayan ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmini üçün necə beynəlxalq mexanizm qura bilərik”.

Onun sözlərinə görə, görüşlərdə sülh sazişi ilə bağlı da fikir bölüşülüb:

“Yəni sülh sazişinin tezləşdirilməsi və ilin sonuna qədər bağlanması ilə bağlı müzakirələr aparıldı. Həmçinin delimitasiya məsələsi də gündəmdə oldu”.

O qeyd edib ki, sülh müqaviləsi və delimitasiya bir-biri ilə bağlıdır və ilin sonuna kimi delimitasiya prosesinin aparılması üçün razılıq var:

“Deyə bilərik ki, Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi başa çatıb. Qalır qarşılıqlı razılığa gəlmək ki, iki ölkə arasında sərhədlə bağlı görülən işləri əsas götürək”.

Göründüyü kimi, ilk baxışdan belə qənaət yaranır ki, ermənilər tam olaraq Qarabağın “müstəqilliyindən” imtina edirlər. Ancaq bu məsələdə də erməni hiyləsini işə salırlar. Əslində Qarabağ ermənilərinin hüquqları bə təhlükəsizliklərinin təmin edilməsi adı ilə prosesə yeni  beynəlxalq mexanizm cəlb etmək istəyirlər. Azərbaycan belə bir mexanizmi rədd edir. Çünki biz Qarabağ erməniləri ilə bağlı vəziyyəti öz daxili işimiz sayırıq.

Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu açıqlamasında bir neçə məqsəd güdülür: “ Ermənistan – Azərbaycan sülh müqaviləsi ilə bağlı deməliyəm ki, Ermənistanda olan sağlam düşüncələr anlayır ki, bu münaqişənin uzanması həmin ölkənin tamamilə çökməsi olmaqla, bir dövlət kimi mövcudluğunu təhlükə altında qoyur. Çünki Ermənistanda iqtisadi böhran son həddə çatıb. Demoqrafik böhran çox dərinləşib və ordu da tamamilə məhv olub. Belə bir vəziyyətdə sülh müqaviləsini bağlamamaq erməni əhalisində çox ciddi ruh düşkünlüyü, ciddi bədbinlik, Ermənistan dövlətinə, erməni siyasətçilərinə inamsızlıq yaradır. Bu isə Ermənistanın sonunu gətirər. Ona görə də, Ermənistanda olan sağlam düşüncəli qüvvələr uzun müddətdir çalışırlar ki, sülh müqaviləsi təcili bağlansın. Qarabağ məsələsinə gəlincə isə, mən dəfələrlə vurğulamışam, normal düşünə bilən ermənilər anlayır ki, Qarabağ Ermənistan üçün bir yükdür və onu  daşımağa Ermənistanın gücü çatmır. Ona görə də, onlar bundan imtina ediblər. Bəzi xırda mesajlar daxili auditoriyanı sakitləşdirmək üçündür. Qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycan hakimiyyəti dəfələrlə vurğulayıblar ki, Qarabağ Azərbaycanın daxili işidir. Bura heç bir yeni beynəlxalq mexanizm qoşula bilməz. Bunu hər hansı bir ölkə ilə, hər hansı beynəlxalq təşkilatla müzakirə etmək olmaz. Qarabağda yaşayan ermənilər də Azərbaycanın digər əhalisi kimi bizim vətəndaşlarımızdır. Sadəcə olaraq, erməni siyasətçiləri daxildə olan  rusiyayönümlü qüvvələri sakitləşdirmək, əhalini müəyyən qədər iğtişaşlardan yayındırmaq üçün erməni əhalisi ilə bağlı yüngül bəyanatlar verirlər. Bunlar isə ötəri hallardır. Yaxın müddətdə sülh müqaviləsi bağlanandan sonra bu məsələyə də son qoyulacaq”.

467 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir