TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin direktorlarının və digər rəhbər şəxslərin, eləcə də TƏBİB-in müavin, müşavir və departament rəhbərlərinin iştirakı ilə növbəti dəfə geniştərkibli müşavirə keçirilib.

Bu barədə mətbuata TƏBİB-dən məlumat verilib.

Müşavirədə tabeli tibb müəssisələrində mövcud vəziyyət, vətəndaşlarımıza göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi, kadr potensialının gücləndirilməsi, bu sahələrdə olan çatışmazlıqların aradan qaldırılması və s. məsələlərə dair geniş müzakirələr aparılıb.

Həmçinin tarixi zəfərimizin növbəti ildönümünün yaxınlaşması və Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar nəzərdə tutulan tədbirlərdə iştirakla bağlı xüsusi tapşırıqlar verilib.

Eyni zamanda müşavirədə bundan əvvəl keçirilmiş geniştərkibli iclas zamanı TƏBİB-in İcraçı direktoru tərəfindən verilən tapşırıqların icrası, tibb müəssisələrində keyfiyyətin idarə olunması, tibb müəssisələri arasında xəstə təxliyələrinin koordinasiyası, xidmət keyfiyyətinin yüksəldilməsi, ana-uşaq ölümü hallarının minimuma endirilməsi istiqamətində atılan addımlar, tibb müəssisələrində müayinə və əməliyyat qarşılığında əlavə ödənişlərin tələb edilməsi kimi neqativ hallar və çatışmazlıqlar ətrafında fikir mübadiləsi aparılıb, məruzələr dinlənilib.

Bu il ərzində TƏBİB tabeli tibb müəssisələrində İnfeksiaların profilaktikası və infeksion nəzarət (İPİN) və Keyfiyyətin idarə olunması (KİO) sahələri üzrə görülmüş işlərlə bağlı məlumat verən TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov ətraflı məruzə ilə çıxış edib.

Tibb müəssisələrində İPİN fəaliyyətinin tətbiq edilməsi və inkişafında müsbət nəticələrin izlənildiyini bildirən A.İsrafilov hazırda tabelikdə olan 52 tibb müəssisəsində Keyfiyyətin idarə olunması üzrə mütəxəssislərin fəaliyyət göstərdiyini vurğulayıb.

O həmçinin bildirib ki, artıq bir çox tibb müəssisələrində Mərkəzi Sterilizasiya şöbələri də müasir tələblərə uyğunlaşdırılıb. Bundan əlavə, tibb müəssisələri arasında xəstə təxliyələri üçün təxliyə planının hazırlanması barədə də məlumat verən A.İsrafilov yeni təxliyə planının təqdimatını edib.

Ölkə üzrə ilkin səhiyyə xidmətinin inkişaf etdirilməsi istiqamətində görülən işlərin sürətləndirilməsi və optimallaşdırılması məqsədilə TƏBİB-də yeni yaradılan İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı isə bu sahə üzrə müşahidə olunan hazırkı vəziyyət, qarşıya qoyulan tapşırıq və yeni planlar haqqında müşavirə iştirakçılarını məlumatlandırıb.

Müşavirə zamanı Əmək Məcəlləsinə olan yeni dəyişikliklər, əmək müqaviləsinə xitam verilməsi şərtləri, işə qəbul qaydaları və s. haqqında məlumat verən TƏBİB-in İnsan resursları departamentinin rəhbəri Emin Xasıyev bildirib ki, yeni qaydalara əsasən bundan sonra əmək müqavilələrinin elektron formada hazırlanması və imzalanması nəzərdə tutulub.

E.Xasıyev Əmək Məcəlləsində edilmiş dəyişikliklərə əsasən bütün tabeli tibb müəssisələrində işçilərə elektron kabinetlərin yaradılmasının tam təmin olunması və icrasına əməl edilməsinin vacibliyini xüsusi vurğulayıb.

Yekun nitq ilə çıxış edən Vüqar Qurbanov qeyd edib ki, ən vacib məsələ ölkə rəhbərliyinin qarşıya qoyduğu tapşırıqları xüsusi həssaslıqla yerinə yetirməkdir: “Müəssisə rəhbərləri qarşısında qoyulan əsas istiqamət vicdanla xidmət etməkdir. İşinizin daha keyfiyyətli görülməsi üçün isə bütün imkanlar səfərbər olunub, hər cür şərait yaradılıb. Ötən dövrlə müqayisədə, əlbəttə ki, tibbi xidmətin keyfiyyəti və görülən işlərdə şəffaflıq baxımından böyük yol qət etmişik. Lakin TƏBİB olaraq bununla kifayətlənə bilmərik! Sizdən hədəf və gözləntilərimiz daha böyükdür!”.

Müşavirənin sonunda tibb müəssisələrində müxtəlif istiqamətlər üzrə aparılan yoxlamalar zamanı aşkarlanmış qüsur və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti rəhbər şəxslərə konkret tapşırıqlar verilib və qısa zamanda onların aradan qaldırılması tələb olunub.

23 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir