“Əlbəttə, 1 avqust Azərbaycan Əlifbası və Dili Günü azərbaycanlıların milli kimliyi, milli birgəlik, milli özünüifadə baxımından çox əlamətdar bir gündür. Çünki istənilən xalqların, toplumun, millətin əsas göstəricilərindən biri onun ana dilidir”.
“Regionaz.tv” xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında professor Qulu Məhərrəmli deyib.
 
O, Azərbaycan dilinin Şərqin ən inkişaf etmiş dillərindən biri olduğunu deyib:
“Uzun illər ərzində bizdə beş dəfə əlifba dəyişikliyi olub və bunların kombinasiyası, müxtəlif dövrlərdə əlifba dəyişikliyi dilin inkişafına xeyli dərəcədə mane olub. Amma müstəqillik dövründə Azərbaycan dövləti bu məsləni həll edib, bizim latın qrafikalı əlifbamız var, Azərbaycan dilinin işləkliyi ən yüksək səviyyədədir, bu dildə saysız-hesabsız media qurumları var, ana dili dövlət dilidir, “Dövlət dili haqqında” qanun, dilin qorunmasıyla bağlı xüsusi tələblər var. Hazırda müstəqillik dövründə Azərbaycan dilinin işlənməsi, normalarının gözlənməsi, qaydalarına əməl olunması ilə bağlı 20-dən çox dövlət sənədi var. Ona görə də dilin işləkliyi hazırda qənaətbəxş səviyyədədir”.
Professor dilimizlə bağlı problemlərin də həmişə olduğunu bildirib:
“Bu birinci növbədə dilin statusunun qorunmasıyla, dil daşıyıcılarının bu dilə münasibətiylə bağlıdır. Mətbuatın, televiziyanın dili ilə bağlı həmişə problemlər olub və bu gün də o qabarıq şəkildə hiss olunur. Bu gün əsas narazılıq odur ki, Azərbaycan dilinin statusuna dil daşıyıcıları tərəfindən lazım olan hörmət göstərilmir”.
O, ailələrdə öz dilimizdə deyil, rus dilində danışılmasının biabırçılıq olduğunu bildirib:
“İctimai yerlərdə bəzən bu, yolverilməz həddə gəlib çatıb. Özlərini ziyalı, qlamur göstərmək istəyənlər rus və ingilis dilində danışırlar. Bunlar əlbəttə, məyusedici məqamlardır. Yəni biz bu dilin daşıyıcıları olaraq dilin şərəfini, statusunu qorumalıyıq, dilə sevgi, məhəbbət, ehtiramımızı əsirgəməməliyik. Dilə biganəlik cinayətdir”.
58 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir