“Regionaz.Tv” xəbər verir ki, Laçın şəhəri, Zabux və Sus kəndlərinin ordumuzun nəzarətinə keçməsindən sonra Ermənistanda belə fikirlər artır ki, Azərbaycan yaxın tezlikdə Qazax rayonunun 7 kəndini, eləcə də Naxçıvanın Kərki kəndini də yenidən öz idarəçiliyinə qaytaracaq. Hətta Ermənistanda bəzi mənbələr bu prosesin başlandığını da iddia edir.

Qeyd edilənlər fonunda Ermənistan parlamentinin deputatı Qeqam Nazaryanın sosial şəbəkə hesabında paylaşdığı status indi daha çox diqqət cəlb edir. Belə ki, erməni deputat 8 mart 1992-ci ildən Ermənistanın işğalı altında olan Qazax rayonunun Xeyrimli kəndinin artıq Azərbaycana təhvil verildiyini iddia edib. Deputatın kənddən paylaşdığı məlumatda deyilir: “Babamın evinin həyətində dayanıb Günəşin nə vaxt batacağını görmək, işlərimi planlaşdırmaq qərarına gəldim və burada Nikol, Ararat Mirzoyan və “Google”dan belə bir sürpriz var”. Deputatın statusuna gələn rəylərdə isə ermənilər Qazaxın kəndlərinin Azərbaycana çoxdan təhvil verildiyini, lakin hələlik açıqlanmadığını vurğulayıb.  Qeyd edək ki, Qazax rayonunun 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bunlar Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli kəndləridir. Azərbaycan bu kəndlərin mütləq şəkildə geri qaytarılmasını tələb edir. Ermənistanın “Qraparak” nəşri yazır ki, Bakının bu tələblərinə də əməl ediləcək: “Proses Laçın, Zabux, Susun təhvil verilməsi ilə bitməyəcək. Bundan sonra biz Ermənistanın özündən, xüsusən Tavuş marzının Noyemberyan hissəsindən çıxacağıq. Rəsmi mənbənin sözlərinə görə, bu, sərhəddə güc tətbiq edilmədən demarkasiya işləri nəticəsində baş verəcək. Ermənilərin idarə etdiyi Ayqepar, Bağanıs və digər kəndlərin məsələsində Azərbaycan qətiyyətlə bu ərazinin sovet dövründə ona məxsus olduğunda təkid edir”.

Qeyd edək ki, hələ cari ilin mayında bu məsələ ilə bağlı Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov da çox maraqlı açılamalar verib. Həmin vaxt o qeyd edib ki,  Ermənistanın nəzarəti altında olan Qazax rayonunun yeddi və Naxçıxan Muxtar Respublikasının bir anklav kəndi dövlət sərhədlərinin delimitasiyası prosesində Azərbaycanın tərkibinə qayıdacaq. Qarabağ coğrafiyasından kənarda yerləşən anklav kəndlərin Azərbaycanın tərkibinə qaytarılması Azərbaycanın irəli sürdüyü sülh gündəminin əsas istiqamətlərindən  biridir. İndi Bakının istədiyi zəmin tam olaraq formalaşıb və danışıqlarda həmin kəndlərin geri qaytarılması müzakirə olunur. Beləliklə, sərhədlər müəyyən edildikdən sonra Qazaxın Ermənistanda qalan 7 kəndi və Kərki üzərində nəzarət bərpa ediləcək. Erməni deputat Artur Qazinyan isə qeyd edir ki, bunun ardınca Azərbaycan Zəngəzur dəhlizinin açılmasına nail olacaq: “Ermənistanın suveren ərazisindən Zəngəzur dəhlizinin təmin edilməsi ilə bağlı Türkiyə-Azərbaycan təzyiqləri kritik həddə çatır”. O qeyd edib ki, Ermənistanın de-yure hökuməti öz “inqilabçı” liderinin dili ilə istənilən dəhliz məntiqini istisna edib və bu dəhlizin qarşısını almağa hər cür cəhd edir: “Türklər və azərbaycanlılar Zəngəzur dəhlizindən əl çəkməyəcəklər. Bəs Ermənistanın de-yure hakimiyyətinin cəhdləri uğursuzluğa düçar olsa və onlar dilemma ilə üzləşsə nə baş verəcək? Ermənistan üçün fəlakət olacaq, çünki bu müharibə daha genişmiqyaslı və əhatəli olacaq, itkilər və dağıntılar isə 44 günlük müharibədən on dəfə çox olacaq. Ermənistanın bütün ərazisi aktiv hərbi əməliyyatların döyüş meydanına çevriləcək. Ya Ermənistanın ərazisini Azərbaycana təhvil verin, ya yeni qanlı müharibə olacaq, ya da istefa, dördüncü yol yoxdur”. Ermənistanın “1in.am” analitik nəşri də eyni mövqedən çıxış edir. Nəşr yazır ki, Azərbaycanı bu məsələdə dayandıracaq Rusiya faktoru da aradan qalxıb: “Ermənistan baş naziri Nikol Paşinyanın bu günlərdə “müstəqilliyin elan edilməsi”nin ildönümü münasibətilə təbrik müraciətində müttəfiqlərlə bağlı eyham açıq-aşkardır. Paşinyan Ermənistanın müttəfiqi Rusiyanın Azərbaycanla müttəfiq olmasına işarə edib. Müttəfiq anlayışı dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Müttəfiqlik sxemləri olmadan fəaliyyət göstərən dövləti təsəvvür etmək çətindir. Ermənistanla bağlı son dərəcə mürəkkəb hallardan biri Paşinyanın açıqlamasında toxunulan məqamdır. Ermənistanın təhlükəsizliyinə təhdid Azərbaycan və Türkiyədən gələ bilər. Bu təhlükənin qarşısını almaq üçün Ermənistana güclü və sabit, etibarlı müttəfiq lazımdır. Rusiya müəyyən dərəcədə bu məsələdə faydalı müttəfiqdir, ancaq rəsmi Moskva Azərbaycan və Türkiyə ilə də yaxşı əlaqələrə malikdir. Ermənistanın çıxış yolu nədir? Bəziləri deyir ki, Ermənistan Rusiyanın himayəsindən xilas olmaq üçün Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmalıdır. Ancaq bu kifayət edəcəkmi? Bəziləri isə iddia edir ki, Ermənistan İranla daha sıx əlaqələr qurmalıdır. Bu da İrəvanı xilas etməyəcək, İranın özünün həll etməli olduğu ciddi problemləri var. Belə vəziyyətdə Azərbaycan anklav kəndlərə də, Zəngəzur dəhlizinə də nəzarət imkanı qazanacaq”.

Məmbə:https://www.baki-xeber.com

351 baxış

By Murad

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir